Öd kisəsi öd yaradan orqan deyil.Öd yaradan orqan qaraciyərdir. Öd kisəsi qara ciyərin  altında yerləşir yanında isə mədə altı vəzi və onikibarmaq bağırsaq yerləşir.Qara ciyərdə gün ərzində 1 litrə yaxın öd əmələ gəlir  və öd yolları vasitəsi ilə onikibarmaq bağırsağa tökülür.Əmələ gələn ödün  təxminən 30-50 ml-i öd kisəsində toplanılır  və öd kisəsində qatılaşmış öd qida fazasından asılı olaraq tədricən onikibarmaq bağırsağa ifraz olunur.Bu yola həmçinin mədəaltı vəzinin kanalları da birləşir.Nəticədə həzm zamanı həm öd kisəsinə qatılaşmış öd həm də mədəaltı vəzi axarında yaranan mədəaltı vəzi şirəsi birləşib onikibarmaq bağırsağa tökülür.

Biz öd kisəsi cərrahi əməliyyatı zamanı öd kisəsini xaric edirik.Bu zaman pasientlər arasında sual yaranır ki,doktor bizim ödümüz çıxandan sonra biz nə edəcəyik?Cavabı budur ki,öd çıxmır öd kisəsi çıxır.Öd maddədir və qaraciyərdə əmələ gəlib,bağırsaqlara tökülür.Yəni öd kisəsi əməliyyatı olunan insanın öd yaranması öd kisəsi əməliyyatı olmayan insanlardakı kimidir.Yəni əməliyyatdan əvvəl bir insanda öd qaraciyərdə necə yaranıb bağırsaqlara tökülürdüsə əməliyyyatdan sonra da həminki qayda il töküləcək.Pasientləri narahat edəcək heç bir məsələ olmasın.Kisə xaric olunsa da heç bir problem yoxdur.Ümumiyətlə öd kisəsi orqanizmdə əhəmiyyətli orqanlar siyahısında deyil.Xatırladım ki, 1 litr öd qaraciyərdə əmələ gəlir.Əvvəl necə əmələ gəlib bağırsağa tökülürdüsə əməliyyatdan sonra da o qayadada tökülür.Yəni öd kisə 30 ml öd yaranması və saxlanması əməliyyatdan sonra heç bir problem yaratmır.

Keçmiş fikirlər bu idiki ümumiyyətlə cərrahi əməliyyatdan sonra insanlar 6 ay müddətində pəhriz saxlamalı idilər və bu da insanlarda müasir dövrdə çaşqınlıq yaradır.Doktor biz nə yeyək?nələri məhdudlaşdıraq?Cavab budur: Öd kisə əməliyyatdan sonra heç bir xüsusi pəhrizə ehtiyac yoxdur.Lakin əməliyyatdan sonra 1-2 gün müddətində( 1həftəyə qədər bu şəkildə davam edə bilər)mədə-bağırsaq sistemi adaptasiya olunana qədər müəyyən qida məhsullarından – yağlı yeməkdən ,ədviyyatlı yeməklərdən çəkinmək lazımdır.Az-az tez-tez qidalanmaq lazımdır.Həzm sistemi qaydasına düşdükdə mədə-bağırsaq sistemi tənzimləndikdən sonra pasient əvvəl necə qidalanırdısa yenidən həmin qaydada qidalana bilər.Hətta burda vurğulamalıyıq ki,öd kisə əməliyyatına gələn xəstələr öd daşı olduğu üçün əvvəl qidalankən onlarda daşın yaratdığı ağrılar, ürəkbulanma ,köp var idisə,öd kisə əməliyyatından sonra həmin problemlər aradan qalxmış olur.Pasient əvvəllər normal qidalanmırdısa əməliyyatdan sonra tam normal qidalanaraq öz həyat tərzinə davam edə bilər.

Burada biz müasir texnologiyaya nəzər salsaq,bütün cərrahi əməliyyatlar,ümumi cərrahiyyədə mümkün qədər az travmatik qapalı üsulla olunması məsləhətdir.Yəni bir xəstəyə az travma veririksə xəstənin sağalması və yaxud öz həyat tərzinə dönməsi tez bir zamanda baş verir və xəstə ağrıkəsicilərdən də az istifadə edir.Ona görə də öd kisəsi cərrahiyyəsi laparoskopik (qapalı) olunmalıdır.Hətta daha müasir dünyanın texnoloji avadanlıqları robotik cərrahiyyədir.Təəssüflər olsun ki,hələ bizim ölkədə bu robotik cərrahiyyə tətbiq olunmur.Amma tətbiq olunduğu halda təbii ki öd kisəsi əməliyyatları da robotlar vasitəsi ilə icra olunacaq.Hal-hazırda laparoskopik icra olunur.Lakin xüsusi hallar vardır ki,məsələn cərrah laparoskopik yolla əməliyyatı icra edir amma texniki çətinlik var.Əməliyyatı laparoskopik tamamlaya bilmir.Bu zaman mütləq qısa bir müddətdə açıq əməliyyata keçmək lazımdır.Bir dövr vardı ki bəzi həkimlər müəyyən bir əks göstərişlər hesab edirdilər.Ürəyin işemik xəstəlikləri,öd kisənin qanqrenası,qanqrenoz prosesləri zamanı ümumiyyətlə laparoskopik cərrahiyyə əks göstəriş sayılırdı və açıq edilirdi.Amma hal-hazırda bunların heç biri əks göstəriş  deyil.Əksinə ürəyin müəyyən xəstəliklərində, öd kisənin kəskin iltihabi xəstəliklərində laparoskopik cərrahiyyə əməliyyatı daha tez bitirməyə və anatomik strukturları daha dəqiq müəyyən etməyə bizə yardımçı olur.

Öd kisə əməliyyatından çəkinən pasientlər daha çox bu sualı verir.Öd kisədə daş var və bu daşı pasient vaxtında əməliyyat etdirmir.Əvvəla öd kisədə daş yeni yarananda hələ tam sərtləşmir və o xolesterin çöküntülərdən ibarət olur və rentgen altında görünmür.Buna rentgen neqativ daşlar deyilir.Əgər öd kisədə bir ədəd rentgen neqativ daş varsa,(yeni yaranan daş varsa) bunu konservativ yolla müalicəyə başlayıb nəticələrə baxmaq lazımdır.Əgər qısa müddətdə bir neçə aya həmin bir santımetrə qədər rentgen neqativ olan yumşaq daş əriyib tədricən həll olub gedirsə,bu müalicəni 6 aya qədər uzadıb,biz nəticə əldə edə bilərik.Əgər həmin halda da daş həll olunmursa,bu zaman əməliyyat göstərişdir.Ümumiyyətlə öd daşlarının birdəfəlik həlli laparoskopik yolla cərrahi əməliyyatdır.Əməliyyat olunmadığı təqdirdə pasientlər uzun müddət daşı öd kisəsində saxladıqda bu zaman xroniki xolesistit yaranır.Yəni daş varsa,həmin öd kisəsində bakteriya da var.Bakteriya varsa, bu zaman öd kisəsində olan ödün xassəsi dəyişir,infeksiyalaşır.Öd kisəsi divarı qalınlaşır və nəticədə öd kisəsində boyuna pərçimlənən daş ödün funksiyasını pozur və nəticədə öd kisəsinin içərisində olan öd maddəsi möhtəviyyatı dəyişib irinləyir.Bu zaman öd kisənin empieması,öd kisədə hidrops yaranır.Hətta divarı fleqmanoz və nəhayət divarında qanqrenoz proses inkişaf edir.Bu zaman birinci ağırlaşma öd kisəsində yaranır.Yəni bir daşı saxladıqca bu halla nəticələnə bilər.Bundan başqa əgər öd kisəsində xırda daşlar varsa ,bu daşlar ümumi öd yoluna düşərsə öd yolunda blok yaradarsa bu zaman qaraciyərdə sutka ərzində əmələ gələn  1litr öd onikibarmaq bağırsağa tökülə bilmir və nəticədə öd yollarının içində qalan daşlar xolestaza, yəni sarılığa səbəb olur.Blok yaranması nəticəsində həmin öd maddəsi qaraciyərdən xaric ola bilmir.Bu birinci ən ciddi ağırlaşmalardan biridir.Digər bir ağırlaşma mədəaltı vəzlə bağlıdır.Əgər həmin xırda daşlar öd yolundan keçərsə və mədəaltı vəzin birləşdiyi Fater məməciyi adlanan ərazidə blok yaradarsa öd yollarında olan öd təzyiq nəticəsində mədəaltı vəz kanalına daxil olur.Mədəaltı vəz kanalında ciddi kəskin pankreatitin yaranmasına səbəb ola bilər.Kəskin pankreatit öd kisə daşlarının yaratdığı ən ciddi fəsadlardan biridir.Bunun müalicəsi çox uzun müddət sürər və xəstəyə çox çətinliklər yaşada bilər.Kəskin pankreatit 50-55 yaşlarından yuxarı xəstələrdə çox ağır gedişli olur.Hətta bu pasientlərin bir çoxlarında tədricən pankrenekroz mədəaltı vəzin çürüməsinə qədər gətirib çıxaran bir ağırlaşma yarada bilər.Yəni biz pasientlərə həmişə öd kisəsində,öd yollarında olan daşlara görə vaxtında cərrahi əməliyyat olunmalarını məsləhət görürük. Əks halda yaranan  qaraciyər və mədəaltı vəzidə olan ağırlaşmaya görə sonradan bir neçə müdaxiləyə,hətta uzunmüddətli müalicəyə ehtiyac ola bilər.

Bu ən çox verilən suallardan biridir.Ümumiyyətlə mədəkiçiltmə əməliyyatları BKİ-ni hesabladıqdan sonra göstəriş verilir və BKİ 40 və ondan yuxarı olan yuxarı olan şəxslərdə bu əməliyyat göstərişdir.Lakin bəzi pasientlərdə BKİ 35 ilə 40 arasında olur.Lakin yanaşı xəstəliklər şəkərli diabet ,qaraciyər piylənməsi,arterial hipertenziya və digər metobolik sindrom xəstəlikləri olur ki,biz bu hallarda da əməliyyatı göstəriş hesab edirik.

 Bu əməliyyat zamanı biz mədəni demək olar ki,əksər hissəsini götürürük və boru şəkilli mədə saxlayırıq.Bu zaman mədənin rezervuarı,yəni tutumu azalmış olur.Arıqlamanın da birinci səbəbi qəbul edilən qidanın həcminin,miqdarının azalmasıdır ki,bu zaman alınan kalori az olur və kalori az olduğuna görə insanın bədən kütləsi tədricən düşməyə başlayır.2-ci bir səbəb Qrelin hormonu ifraz edən hüceyrə səthinin azalmasıdır.Qrelin hormonu iştah hormonudur.İnsan nəfsi,insanın yeməklərə qarşı olan iştahı qrelin hormonu ilə tənzimlənir.Mədənin çox hissəsi götürüldüyündən qrelin hormonu ifrazı azalmış olur və bununla da insanın yeməyə qarşı iştahı azalır,qəbul edilən qidaya qarşı insanın nəfsi azalmış olur.

Əməliyyatdan 1 ay öncə biz xəstələri əməliyyata hazırlayırıq.Yəni mədə əməliyyat üçün hazırlanmalıdır. Bir ay öncədən biz pasientlərə karbohidratlı qidaları, müəyyən şəkərli qidaları,yağlı qidaları azaltmağı məsləhət görürük.Az-az lakin tez-tez qidalanmağı məsləhət görürük.Əməliyyata bir həftə qalmış mədə əməliyyata hazırlanmalıdır.Ona görə də sıyıq şəklində duru şəkilli qidaları istifadə etməyi tövsiyyə edirik.Həm bir ay müddətində pasient kütləsində bir qədər azalma müşahidə olunur,həm də pasient əməliyyyata hazırlanmış olur.Əməliyyatdan sonrakı dövrdə bir ay müddətində proqressiv şəkildə sıfır qidadan yəni adi sudan başlayaraq tam bərk qidalara qədər pasient öz qidalanmasını artıra bilir.Bu iki gün ərzində tam su yəni şəffaf maye halında, 3-cü sutkadan 14-cü sutkaya qədər qatı mayelər şəklində ,14-cü sutkadan 30-cu sutkaya qədər sıyıqlar və duru qidalar şəklində yəni,blenderdən keçirilmiş qidalar şəklində ,30-cu sutkadan sonra isə tam bərk qidalanma şəklində mümkün olur.30-cu sutkadan sonra pasinet çox çeynəməklə istədiyi qidadan istifadə edə bilər.Lakin qəbul etdiyi qidanın miqdarı azalmış olur.Çünki mədənin həcmi artıq əvvəlki qədər deyil və iştah da olmur ki,daha artıq qidadan istifadə olunsun.Paient bu müddət ərzində təbii ki qidalardan istifadə edərkən müəyyən minerallardan mikroelementlərdən ,qida əlavələrindən də istifadə etmiş olur.Hətta proteini biz xəstələrə həm protein əlavəsi – toz şəklində istifadə etməsini məsləhət görürük.Bəzən olur ki pasient bundan istifadə etmək istəmir.O zaman ev şəraitində də bu proteinli qidaları düzəltmək,istifadə etmək mümkündür.

Bariatrik metabolik cərrahiyyənin ən çox fayda verən,ən çox populyar olan növü mədəkiçiltmə əməliyyatıdır ki,bu əməliyyat nəinki insanlara estetik bir görüntü verən əməliyyatdır,həm də sağlamlıq yaradan bir əməliyyatdır.Çünki köklük özü bir xəstəlikdir.Çox ciddi bir xəstəlikdir.Piylənmə bu gün dünyada ən öndə gedən ,qabaqcıl xəstəliklərdən biridir.Biz mədəkiçiltmədən sonra arıqlama əldə edərkən bir çox xəstəlikləri müalicə etmiş oluruq.Bu əməliyyatla insanın qan şəkəri düşür,qaraciyər piylənməsi müalicə olunur, qan təzyiq problemləri həll olunur.Ona görə də mədəkiçiltmə əməliyyatı nəinki estetik həmçinin də digər orqanların xəstəliklərinin sağalmasını təmin edən əməliyyatdır.

Ümumiyyətlə ilk 2-3 ay ərzində daha sürətli arıqlama baş verir.2-3 aydan 1 ilə qədər tədricən çəki tam düşür.Pasientlərimizdə bu təxminən 40 % itkiyə səbəb olur.Məsələn , 170 kq-lıq bir insan , 100 kq-a hətta 90 kq-a qədər düşə bilir.100 kq-la gəlmiş bir insan 60 kq-a qədər arıqlaya bilir.Bu çəki enməsi zamanı bədəndə müxtəlif sallanmalar və estetik  xoşagəlməz dəri deffektləri ,dəridə olan dəyişikliklər baş verə bilir.Bu halları aradan qaldırmaq üçün də  1 ildən sonra pasientlərə estetik əməliyyatları məsləhət görürük.Bura mamoplastika,abdominoplastika,boyun,qol və ayaqlarda dəri sallanmaları deformasiyalarının estetik əməliyyatlarla düzəldilməsini tövsiyyə edirik.Pasientlər də adətən gənc xanımlarda ,gənc bəylərimizdə bu nadir hallarda olur.Çünki dərinin elastikliyi çox olduğuna görə bu öz-özünə də bərpa olunmuş olur.Lakin bir qədər yaşlı pasientlərdə estetik əməliyyatlara ehtiyac olur.

Məsələn saç tökülməsi,dəridə quruluq.Qeyd etmək istəyirəm ki,bunlar müvəqqəti hallardır.Bu əməliyyatdan sonra müvəqqəti  hallar baş verir.Bunlar bir neçə ay ərzində düzəlir.Bunlar vitamin defisiti nəticəsində olur.Biz xəstələrə vitaminlər,mikroelementlər tövsiyyə etməklə bu hallar aradan götürülmüş olur.Bura saç tökülmələri,dırnaqda olan dəyişikliklər,dəridə olan dəyişikliklər,halsızlıq, bu əməliyyatlar yay fəslinə düşərsə  insanlarda susuzluq halları meydana gəlir.Bunları da biz korreksiya edə bilirik.Bu insanlar əməliyyatdan sonra tez-tez az miqdar da olsa su içməlidir və həkimin tövsiyyəsinə riyaət edib,müəyyən qida əlavələrindən istifadə etməlidirlər.